Avtomobil alış-satışı gündəlik həyatımızda tez-tez rast gəlinən hüquqi münasibətlərdəndir. Bəzi vətəndaşlar bu prosesi sadələşdirmək məqsədilə sadəcə alqı-satqı aktı ilə kifayətlənir. Bəs belə bir akt yetərlidirmi? Notarius iştirakı şərtdirmi?
Edliyyeinfo.az bu məsələyə qanunvericilik prizmasından aydınlıq gətirir.
1. Qanun nə deyir?
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406.1-ci maddəsi açıq şəkildə bildirir:
“Fiziki şəxslər arasında avtomobilin alqı-satqısı yalnız notariat qaydasında təsdiqlənmiş yazılı formada bağlanmalıdır.”
Bu o deməkdir ki, iki vətəndaş arasında sadəcə kağız üzərində avtomobil satışı hüquqi qüvvəyə malik deyil – notariat təsdiqi mütləqdir.
2. Notarius olmadan bağlanan müqavilənin riski nədir?
Belə müqavilə qüvvədən düşmüş hesab olunur, yəni hüquqi nəticə doğurmur.
Sürücü maşını faktiki idarə etsə də, hüquqi baxımdan sahibi sayılmır.
Yola verilən cərimələr, qəzalar və məsuliyyətlər hələ də əvvəlki sahibin üzərində qala bilər.
Alıcı avtomobili rəsmi qeydiyyata ala bilmədiyindən, gələcəkdə əmlak üzərində hüquq iddia etmək imkanı olmur.
3. Rəsmi qaydada necə olmalıdır?
Edliyyeinfo.az bildirir ki, avtomobil satışı zamanı:
1. Satıcı və alıcı birlikdə notariusa müraciət etməlidir.
2. Notarius tərəfindən alqı-satqı müqaviləsi tərtib və təsdiq olunur.
3. Müqavilə əsasında Dövlət Yol Polisi (DYP) bölməsində yenidən qeydiyyat həyata keçirilir.
4. Alıcı bundan sonra rəsmi hüquqi sahib hesab olunur.
Xüsusi qeyd:
Əgər tərəflər notariusla deyil, sadə yazılı aktla avtomobilin satışını həyata keçiriblərsə və tərəflərdən biri ölüb, borclanıb və ya narazılıq yaranıbsa – məhkəmədə hüququn bərpası çox çətin olur.
Avtomobil satışı ciddi və hüquqi məsuliyyət yaradan bir prosesdir. Qanunla müəyyən edilmiş qaydalara əməl etmədikdə, tərəflər maddi və hüquqi risklərlə üzləşə bilər. Edliyyeinfo.az tövsiyə edir ki, hər bir vətəndaş belə vacib əməliyyatları rəsmi və qanuni şəkildə həyata keçirsin.
Hazırladı: Asiman Əsədsoy
Edliyyeinfo.az