Azərbaycanda son illər hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan cinayət hallarından biri də özünü vəkil və ya hüquqşünas kimi təqdim edən şəxslərin, məhkumun yaxınlarından guya “hakimlə danışılıb”, “işi yüngülləşdirmək mümkündür” kimi vədlərlə külli miqdarda pul tələb etməsidir. Belə hallar nəinki vətəndaşların hüquqlarını pozur, eyni zamanda məhkəmə sisteminə olan inamı da sarsıdır.
Edliyyeinfo.az olaraq bu yazıda belə hərəkətlərin hüquqi nəticələrini və hansı maddələrlə cəzalandırıldığını diqqətinizə çatdırırıq.
Cinayət Məcəlləsinin bir neçə maddəsi bu cür əməlləri əhatə edir. İlk olaraq vurğulamaq lazımdır ki, bu cür hərəkətlər hüquqi dildə dələduzluq, vəzifəli şəxsin adından qanunsuz istifadə və bəzən rüşvətə vasitəçilik kimi qiymətləndirilə bilər.
Əgər şəxs özünü vəkil kimi təqdim edərək vətəndaşa vəd verir və qarşılığında pul alırsa, lakin bu şəxs əslində hüquqi səlahiyyəti olmayan bir fərddirsə, bu zaman CM-nin 178-ci maddəsi – dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə əmlak əldə etmə tətbiq edilir. Əgər alınan məbləğ külli miqdardadırsa (10.000 manatdan yuxarı), həmin şəxs 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Digər vacib aspekt ondan ibarətdir ki, bu şəxslər özlərini ya vəkil, ya da dövlət orqanı əməkdaşı kimi təqdim edərək sanki “hakimlə razılaşdırılıb” təəssüratı yaradırlar. Bu isə CM-nin 310-cu maddəsinə uyğun olaraq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətini təşkil edir. Bu maddəyə əsasən, dövlət orqanlarının adından çıxış edərək vətəndaşları aldatmaq 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Əgər həmin şəxs aldıqları pulu məhkəmə qərarına təsir göstərmək üçün istifadə edəcəyini vəd edibsə və bu məbləğdə hakim və ya digər məmur adı hallanırsa, burada artıq rüşvətə vasitəçilik elementi meydana çıxır. Cinayət Məcəlləsinin 311-1-ci maddəsi rüşvətə vasitəçiliyi cinayət hesab edir və külli miqdarda olduqda həmin şəxs 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Belə hallar, təbii ki, hüquqi cəhətdən çoxsaylı pozuntularla doludur və təkcə aldadılan vətəndaşlara deyil, həm də məhkəmə və hüquq sisteminə ciddi zərbə vurur. Əksər hallarda bu şəxslər qeyri-rəsmi yolla, tanışlıq əlaqələri və psixoloji təzyiq metodları ilə məhkumun ailəsini inandırmağa çalışırlar. Onlar “əgər bu pulu verməsəniz, cəza ağır olacaq”, “hakim razılaşıb, amma sürətli hərəkət etməliyik” kimi ibarələrlə vətəndaşın panik vəziyyətindən istifadə edirlər.
Edliyyeinfo.az oxucularına tövsiyə edir ki, belə hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Vəkillə və ya məhkəmə ilə bağlı rəsmi qərarlar yalnız qanuni prosedurlarla həyata keçirilir. Heç bir halda tanımadığınız və ya səlahiyyətinə əmin olmadığınız şəxsə pul və ya qiymətli əmlak verməyin. Məhkəmə qərarları satılmır və hüquq sistemində bu cür cinayətlərin qarşısı qətiyyətlə alınır.
Unutmayaq ki, hüquqi savadlılıq bu cür halların qarşısını almaqda ən güclü vasitədir. Hər bir vətəndaşın hüquqları qanunla qorunur və onların pozulmasına qarşı effektiv hüquqi müdafiə mexanizmləri mövcuddur.
Hazırladı: Jalə Asiman
Edliyyeinfo.az




