Azərbaycanda mediasiya: Hüquqi mədəniyyətimizin yeni mərhələsi
Azərbaycanda son illərdə həyata keçirilən hüquqi islahatlar təkcə qanunların yenilənməsi ilə məhdudlaşmır. Bu islahatlar həm də cəmiyyətin hüquqi düşüncə tərzinin dəyişməsinə xidmət edir. Bu baxımdan mediasiya institutunun tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Uzun illər mübahisələrin əsas həll yolu məhkəmə olub. Lakin zaman göstərdi ki, hər mübahisə qalib və məğlub prinsipi ilə bitməməlidir. Bəzən ən doğru həll yolu tərəflərin masa arxasında əyləşərək qarşılıqlı anlaşma əldə etməsidir. Mediasiya məhz bu imkanı yaradır.
“Mediasiya haqqında” Qanunun qəbul edilməsi və bu sahədə institusional mexanizmlərin formalaşdırılması dövlətin hüquqi sistemdə çevik və müasir yanaşmaya üstünlük verdiyini göstərir. Artıq ailə, əmək və bəzi mülki mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya mərhələsi tətbiq olunur. Bu isə həm məhkəmələrin iş yükünü azaldır, həm də vətəndaşlara daha operativ və səmərəli həll yolu təqdim edir.
Mediasiyanın ən mühüm üstünlüyü ondan ibarətdir ki, burada məqsəd qarşı tərəfi “udmaq” deyil, problemi həll etməkdir. Xüsusilə ailə mübahisələrində bu yanaşma münasibətlərin tamamilə dağılmasının qarşısını ala bilir. Çünki məhkəmə qərarı münasibətləri hüquqi baxımdan bitirə bilər, amma mediasiya münasibətləri qorumağa çalışır.
Bu gün mediasiya artıq alternativ deyil, hüquqi mədəniyyətin tərkib hissəsinə çevrilməkdədir. Cəmiyyətdə dialoq, qarşılıqlı hörmət və razılaşma mühitinin güclənməsi hüquqi dövlət quruculuğunun vacib elementlərindən biridir.
Mediasiyanın inkişafı göstərir ki, Azərbaycan hüquq sistemi yalnız sərt mexanizmlərlə deyil, eyni zamanda barışıq və anlaşma prinsipləri ilə də möhkəmlənir.
Hüquqşünas Zaur Quliyev




