Bu gün Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş Qaradağlı qətliamından 34 il ötür. 1992-ci ilin 17 fevralında baş verən bu faciə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb və Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri kimi tarixə düşüb.
Edliyyeinfo.az xatırladır ki, hadisələr 1991-ci ilin sonlarından etibarən kəndin mühasirəyə alınması ilə daha da ağırlaşmışdı. Qaradağlı aylarla davam edən silahlı hücumlara, fasiləsiz atəşə və ciddi humanitar blokadaya məruz qalmışdı. Əhali çətin şəraitdə, ərzaq və tibbi təminatdan məhrum vəziyyətdə yaşayırdı. 1992-ci ilin fevralında kənd işğal olundu, sakinlər isə misli görünməmiş vəhşiliklə üz-üzə qaldı. Rəsmi məlumatlara əsasən, 118 nəfər əsir götürüldü, 68 nəfər qətlə yetirildi. Qurbanlar arasında qadınlar və yaşlı insanlar da var idi, əsir düşənlərin bir qismi işgəncələrə məruz qaldı.
Qaradağlıda baş verənlər bir neçə gün sonra törədilən Xocalı faciəsi ilə eyni qanlı prosesin davamı idi. Bu hadisələr mülki əhaliyə qarşı sistemli zorakılığın mövcudluğunu göstərir və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması faktı kimi qiymətləndirilir. Həmin dövr bölgə əhalisi üçün dərin humanitar böhran və kütləvi köçkünlük mərhələsi ilə yadda qaldı.
Otuz dörd il keçməsinə baxmayaraq, Qaradağlının ağrısı unudulmayıb. Bu faciə yalnız keçmişin xatirəsi deyil, həm də ədalətin təmin olunması üçün davam edən çağırışdır. Şəhidlərin xatirəsi xalqın qəlbində yaşayır və Qaradağlı adı Azərbaycanın qan yaddaşının ayrılmaz parçası olaraq qalır.
Qaradağlı — bu ad artıq bir coğrafi məkan deyil. O, şəhidlərin susmayan harayıdır.




