Hüquqşünas, mediator Zaur Quliyevin təqdimatında yayımlanan “Hüququn Səsi” verilişinin növbəti buraxılışında insan hüquqları, konstitusion hüquq və azadlıqların müdafiəsi mövzusu müzakirə olunub.
Verilişin qonaqları vəkil Elminaz Qafarova və hüquqşünas Emin Qasımov olub. Qonaqlar insan hüquqlarının mahiyyəti, onların müdafiə mexanizmləri və vətəndaşların hüquqi maariflənməsinin əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı qeyd olunub ki, insan hüquqları hər bir şəxsin yalnız insan olduğu üçün malik olduğu fundamental hüquq və azadlıqlardır. Bu hüquqlar insanın ləyaqətli həyat sürməsini, azadlığını, təhlükəsizliyini və cəmiyyət həyatında bərabər iştirakını təmin edir.
Verilişdə vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının əsas təminatçısıdır. Yaşamaq hüququ, bərabərlik hüququ, söz və fikir azadlığı, vicdan azadlığı, mülkiyyət hüququ, təhsil və əmək hüquqları Konstitusiyada təsbit edilmiş əsas hüquq və azadlıqlar sırasındadır.
Qonaqlar insan hüquqlarının müdafiəsində məhkəmələrin, vəkillərin, mediatorların, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğulayıblar. Bildirilib ki, hüququ pozulmuş şəxslər ilk növbədə hüquqi sübutları toplamalı, aidiyyəti qurumlara müraciət etməli və zərurət yarandıqda peşəkar hüquqi yardımdan istifadə etməlidirlər.
Veriliş zamanı mediasiyanın üstünlüklərindən də bəhs olunub. Qeyd edilib ki, mübahisələrin məhkəmədənkənar həlli həm vaxta, həm maliyyəyə qənaət etməyə, həm də tərəflər arasında münasibətlərin qorunub saxlanılmasına imkan yaradır.
Bununla yanaşı, müasir dövrdə xüsusi aktuallıq kəsb edən şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə hüquqların müdafiəsi, söz azadlığının sərhədləri və hüquqi maarifləndirmənin artırılması məsələləri də geniş müzakirə olunub.
Müzakirələrin yekununda vurğulanıb ki, hüquqların mövcudluğu qədər onların bilinməsi və müdafiə olunması da böyük əhəmiyyət daşıyır. Hüquqi dövlətin və demokratik cəmiyyətin inkişafı hər bir vətəndaşın öz hüquq və vəzifələrini bilməsindən, qanunlara hörmətlə yanaşmasından və hüquqi mədəniyyətin yüksəldilməsindən asılıdır.
“Hüququn Səsi” verilişi hüquqşünas, mediator Zaur Quliyevin layihə rəhbərliyi və təqdimatında hazırlanır və hər həftənin şənbə günü saat 15:00-da canlı olaraq Dünya Televiziyasında yayımlanır. Verilişin informasiya dəstəkçisi edliyyeinfo.az saytıdır.
“Hüququn Səsi” – burada emosiyalar yox, qanun danışır.









