Edliyyeinfo.az: Hüququn Səsi verilişinin növbəti buraxılışı könüllü mediasiya mövzusuna həsr olunub. Dünya televiziyası kanalında yayımlanan proqramda mübahisələrin məhkəməyə getmədən həlli yolları, ailədaxili münasibətlərdə dialoqun əhəmiyyəti və mediasiyanın cəmiyyətdə rolu geniş şəkildə müzakirə edilib.
Verilişin qonaqları 24 saylı Mediasiya Təşkilatının rəhbəri, mediator və psixoloq Ülkər Zülfüqarova və mediator, hüquqşünas, psixoloq Xanlar Sətullayev olublar.
Canlı yayım zamanı könüllü mediasiyanın üstünlükləri, insanların barışıq prosesinə yanaşması, emosional gərginliyin idarə olunması və mediatorun konfliktlərin həllindəki rolu barədə ətraflı fikir mübadiləsi aparılıb. Qonaqlar qeyd ediblər ki, mediasiya yalnız hüquqi prosedur deyil, eyni zamanda insanlar arasında münasibətləri qoruyan və qarşılıqlı anlaşmanı təşviq edən mühüm sosial institutdur.
Verilişin diqqətçəkən hissələrindən biri ailə mübahisəsi ilə bağlı təşkil olunan rol oyunu olub. Praktiki nümunə əsasında tərəflər arasında yaranan anlaşılmazlığın mediator vasitəsilə necə idarə olunduğu nümayiş etdirilib. Rol oyunu zamanı mediatorun tərəfləri dinləməsi, emosional gərginliyi azaltması və ortaq məxrəcə gətirməsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Ekspertlər vurğulayıblar ki, könüllü mediasiya həm vaxt itkisini azaldır, həm də insanlar arasında münasibətlərin tamamilə pozulmasının qarşısını alır. Xüsusilə ailə münasibətlərində dialoq və qarşılıqlı anlaşma gələcək münasibətlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Hüququn Səsi” verilişi hər həftə şənbə günü saat 15:00-da “Dünya” televiziyasında yayımlanır.
İnformasiya dəstəyi: edliyyeinfo.az
Sponsor: Qarabəy MMC





